Peer to Peer (P2P) nədir? P2P şəbəkəsi necə işləyir?

· 2 min read

Eşdən-eşə məlumat ötürülməsi proqram təminatı dünyasında müxtəlif sahələrdə istifadə olunan bir üsul olsa da, kripto bazarında öz mənasını Bitcoin ağ kitabçasının başlığı və məzmunu ilə tapdı. Satoshi Nakamoto 31 oktyabr 2008-ci ildə bir kriptoqrafiya poçt qrupuna göndərdiyi e-poçtda «Bitcoin: Peer-to-Peer Elektron Nağd Pul Sistemi» adlandırdığı onlayn ödəniş üsulunu təqdim etdi. Blokçeynin texniki təfərrüatlarını həmin ağ kitabçada açıqlayan Nakamoto heç bir mərkəzi quruma etibar etməyi tələb etməyən, güvənli onlayn ödəniş üsulu təklif edirdi.

Bu yazıda eşdən-eşə, yəni birbaşa istifadəçidən istifadəçiyə mənasını verən peer to peer (P2P) nədir sualının cavablarını tapa bilərsiniz.

Peer to Peer (P2P) nədir?

Peer to peer (P2P) mərkəzi server kimi üçüncü tərəf olmadan məlumatın birbaşa istifadəçilər arasında paylaşılması deməkdir. Bitcoin blokçeyninin mərkəzsizliyindən danışarkən əməliyyatların məhz bu formada, eşdən-eşə baş verdiyi bildirilir. Ortada və ya mərkəzdə dövlət, şirkət, şəxs yaxud təşkilat kimi mərkəzi bir element yoxdur; əməliyyat mexanizmi şəbəkə boyunca paylanmışdır. Paylanmış şəbəkə quruluşu isə şəbəkədəki çoxsaylı cihazın məlumatı bir-biri ilə mübadilə etdiyi sistemdir.

Peer to peer (P2P) təhlükəsizdirmi?

Mərkəzi elementə ehtiyac ona görə yaranmışdı ki, o, müəyyən mərhələdə etibar yaradır və nəzarəti təmin edirdi. Blokçeyndə isə heç kimin başqasını tanımasına və ona güvənməsinə ehtiyac yoxdur. Blokçeynə qoşulan hər kəsdə eyni əməliyyat qeydlərini saxlayan paylanmış dəftər olur. Yalnız bir nəfərin dəftəri, yəni kompüterindəki blokçeyn proqramındakı məlumatlar dəyişdirilsə və ya kiberhücuma məruz qalsa belə, şəbəkə üzvlərinin çoxluğu bu dəyişikliyi rədd edə bilər, çünki qalan hər kəsdə eyni qeydlər var. Elə buna görə də eşdən-eşə köçürməyə imkan verən blokçeynin təhlükəsiz olduğunu demək olar.

Peer to peer şəbəkələri necə işləyir

Peer to peer məlumatın birbaşa iki istifadəçi arasında ötürülməsidir. Buna görə istifadəçilər nə mərkəzi serverə, nə də yolu mütləq mərkəzi qurumdan keçən bir sistemə qoşulurlar. Onlar müvafiq paylanmış sistemi işlədən protokollar vasitəsilə bir-biri ilə birbaşa əlaqə qurur.

Bitcoin blokçeyni də istifadəçilərə hər hansı mərkəzi quruma ehtiyac olmadan bir-birinə pul köçürməyə imkan verən eşdən-eşə (P2P) sistemdir. İstifadəçilər şifrələnmiş Bitcoin köçürmələri edir, bütün əməliyyatlar paylanmış dəftərlərdə qeydə alınır və Bitcoin blokçeyn şəbəkəsinə qoşulmuş istifadəçilər bu dəftərlərdəki qeydlərin doğruluğunu yoxlayır.