Kəmiyyət yumşalması adlanan qeyri-ənənəvi pul siyasəti yanaşmasında ölkələrin mərkəzi bankları həmin ölkənin nominal pul kütləsini artırır. Nə qədər çox pul çap olunub dövriyyəyə buraxılırsa, inflyasiya bir o qədər yüksəlir və bir vahid fiat valyutanın dəyəri bir o qədər azalır.
Dəyər saxlama alətləri arasında ümumi tədarükü məhdud olan aktivlər elə buna görə də öz bazarlarında inflyasiyanın yaranmasının qarşısını alır.
Bitcoin-in rəqəmsal qızıla bənzədilməsinin səbəblərindən biri hər iki ehtiyatın məhdud olmasıdır. Lakin qızıl məhdud ehtiyat olsa da, ümumi tədarükün neçə faizinin artıq çıxarıldığını, emal olunduğunu və bazara verildiyini bilmirik, deməli qalan ehtiyatın həcmi barədə də dəqiq məlumatımız yoxdur. Bitcoin-də isə nə vaxt və nə qədər istehsal olunacağını, hansı ildə ümumilikdə neçə ədəd yaradıla biləcəyini bilirik. Ümumilikdə 21 milyon Bitcoin çıxarılacaq və bu proses 2140-cı ildə başa çatacaq.
Genezis Bloku blokçeyndə yaradılan ilk blokdur və blok mükafatı olaraq 50 Bitcoin buraxılıb. Bitcoin blok mükafatı dedikdə, mayninqçilərin şəbəkədə uğurla emal etdikləri hər blok müqabilində aldıqları yeni Bitcoin-lər nəzərdə tutulur. Hər 10 dəqiqədən bir baş verən yeni Bitcoin istehsalının müəyyən dövrlərdə yarıya enməsi Blok Mükafatının Yarıya Enməsi kimi tanınır. Bu proses hər 210.000 blokdan bir təkrarlanır və təxminən dörd ildə bir baş verir. İlkin blok mükafatı 28 noyabr 2012-ci ildə 25 BTC-yə, 9 iyul 2016-cı ildə 12,5 BTC-yə, 11 may 2020-ci ildəki yarılanma ilə isə 6,25 BTC-yə düşüb.
Blok mükafatının yarıya enməsini Satoşi Nakamoto istehsal olunan Bitcoin miqdarını azaltmaqla inflyasiyanı tarazlamaq üçün nəzərdə tutub. Bitcoin şəbəkəsinin mərkəzləşdirilməmiş quruluşu sayəsində bu proses şəxslərdən və təşkilatlardan asılı olmadan, heç bir danışıq, ölkə rəhbərliyi və ya mərkəzi qurum qərarı olmadan həyata keçir.
Ümumi tədarükü limitsiz olan kriptovalyutalar
Mərkəzi bankların fiat valyutalarda etdiyi kimi limitsiz tədarükə malik olan kriptovalyutalar bu qaydanı öz protokollarında müəyyən edir. Ümumi tədarükü limitsiz olan ən tanınmış kriptovalyutalar Ethereum, EOS və Dogecoin-dir. Ethereum-un ümumi tədarükü limitsiz olsa da, illik buraxılışına qoyulan limit səbəbindən inflyasiyası texniki olaraq hər il azalır. Məsələn, Ethereum tədarükü 100 milyon olduqda və həmin il illik limit olan 18 milyon ETH buraxıldıqda inflyasiya 18% olur. Tədarük 200 milyona çatdıqda isə eyni illik limitlə yenə 18 milyon ETH buraxılacağı üçün inflyasiya 9% olacaq.
