BscScan nədir və necə istifadə olunur?

· 6 min read

Qısa xülasə

Binance Smart Chain (BSC) zəncirdaxili tranzaksiyalar və istifadə baxımından sabit artım göstərir. Bəs bu artım rəqəmlərdə özünü necə göstərir? İctimai blokçeynlərin ən gözəl cəhəti adından da göründüyü kimi hamıya açıq olmasıdır. Yəni baş verənləri özünüz izləyə bilərsiniz.

BSC göstəriciləri ilə tanış olmaq istəyirsiniz, amma haradan başlayacağınızı bilmirsiniz? Narahat olmayın — BscScan blok explorerinə başlamağınız üçün əla bir bələdçi hazırlamışıq. Beləliklə, Binance Smart Chain-in böyüməsini yaxından izləyə biləcəksiniz.

Bu məqalədə adı çəkilən funksiyaların çoxuna alətlər panelindəki [Resources] üzərinə gəlib [Charts and Stats] bölməsindən daxil olmaq mümkündür. Buraya günlük tranzaksiyalar, unikal cüzdan ünvanları, əsas tokenlər və daha çoxu daxildir. BscScan həm ağıllı müqavilələrin etibarlılığını yoxlamaq, həm də yeni NFT kolleksiyalarını araşdırmaq üçün əla vasitədir.

Giriş

İctimai blokçeynlərin icazəsiz (permissionless) olduğunu tez-tez deyirik — yəni ünvanı olan hər kəs onlarla əlaqə qura bilər. Bəs bilirdinizmi ki, blokçeyn üzərində proqram hazırlamaq da icazə tələb etmir? Təcrübəsi olan hər kəs öz DApp-ını blokçeynə yerləşdirə bilər və heç kim ona mane olmaz.

Mərkəzsizləşdirilmiş Maliyyə (DeFi) dünyasının bu qədər sürətlə inkişaf etməsinin səbəblərindən biri də budur. Binance Smart Chain (BSC) hələ gənc blokçeyn olsa da, artıq təsirli artım nümayiş etdirib. Nə qədər təsirli, deyə soruşacaqsınız. Zəncirdaxili məlumatların böyük hissəsi açıq olduğundan investorlar və istifadəçilər şəbəkənin fəaliyyətini asanlıqla yoxlaya bilirlər.

Bu zəncirdaxili məlumatlara çıxış istəyirsinizsə, BscScan kimi bir blokçeyn exploreri lazım olan hər şeyi tapmağın ən asan yoludur.

BscScan nədir?

BscScan (BscScan.com) — Etherscan-ı yaradan komandanın hazırladığı blokçeyn exploreridir. Bu alət Binance Smart Chain üçün təkcə analitika platforması deyil, bir çox başqa uğurlu funksiya da təqdim edir. BSC üzərində qurulmuş DeFi layihələrini izləmək istəyirsinizsə, bu funksiyalar yaxşı məlumat mənbəyi ola bilər. BscScan-dan həmçinin bunlar üçün istifadə edə bilərsiniz:

  1. Tranzaksiyaları araşdırmaq və gedişatını izləmək.

  2. Blokçeynə əlavə olunan son blokları görmək.

  3. Cüzdan balanslarını yoxlamaq və cüzdanlarla edilən bütün əməliyyatları görmək.

  4. Blokçeynə yerləşdirilmiş ağıllı müqavilələri axtarmaq, oxumaq və onlarla əlaqə qurmaq.

  5. Tokenlərin və digər kriptovalyutaların təklifini (supply) araşdırmaq.

Bütün bu məlumatlara üzv olmadan və pulsuz çıxış mümkündür. Blokçeyn exploreri bu məlumatları sadə və rahat naviqasiya olunan formada göstərir.

BscScan-dan niyə istifadə etməliyəm?

BscScan, Ethereum-un məşhur blok exploreri olan Etherscan-ın arxasında dayanan etibarlı komanda tərəfindən hazırlanıb. Nüfuzlu olmasından əlavə, BscScan blokçeyndə yolunuzu tapmağa kömək edir. Bu bələdçidən istifadə etməyi bilirsinizsə, sadə problemlərinizi tez həll edə və suallarınıza cavab tapa bilərsiniz.

Məsələn, BscScan-da ağıllı müqavilələri araşdırmağı bacarmaq DApp istifadə edən hər kəs üçün faydalı bacarıqdır. Ağıllı müqavilələrin təsdiqlənib-təsdiqlənmədiyini yoxlaya, hətta DApp-ın API-si işləmədikdə onunla birbaşa əlaqə qura bilərsiniz. Amma zəncirdaxili məlumatlar ağıllı müqavilələri və tranzaksiyaları yoxlamaqdan qat-qat çoxunu əhatə edir.

Məsələn, iri tranzaksiyaları izləmək üçün "balina" xəbərdarlıqları qura bilərsiniz. Böyük məbləğdə BNB-nin birjaya köçürülməsi bəzən yaxınlaşan satışın əlaməti ola bilər. Hətta DeFi protokolu təsisçilərinin cüzdanlarını izləyib tokenləri tərpədib-tərpətmədiklərinə baxa bilərsiniz. İndi isə BscScan ilə araşdıra biləcəyiniz ən çox istifadə olunan alətlərdən və metrikalardan danışaq.

Binance Smart Chain yield fermalarını necə tapa bilərəm?

BscScan-ın yield farming paneli mövcud olan bütün əsas farming imkanlarını göstərir. Bu panelə [Resources] düyməsinin üzərinə gəlib [Yield Farms List] seçimi ilə daxil ola bilərsiniz.

Buradan ən yeni fermaları görə, onlara necə qoşulacağınızı öyrənə, veb saytlarına keçə və fermaların necə işlədiyini kəşf edə bilərsiniz. Yield farming (yaxud likvidlik mədənçiliyi) mövcud yığımlarınızla kripto qazanmağın bir yoludur. PancakeSwap kimi platformalardan istifadə edərək Binance Smart Chain-də gəlir əldə edə bilərsiniz. BSC-də haqlar Ethereum kimi alternativlərlə müqayisədə aşağı olduğundan, BSC daha kiçik büdcəli oyunçuların yield farming dünyasına daxil olub qazanc imkanlarından yararlanması üçün idealdır. Amma ehtiyatlı olun — fırıldaqçı layihələr çoxdur. Mütləq öz araşdırmanızı aparın (DYOR) və itirməyi gözə ala bilmədiyiniz vəsaiti riskə atmayın.

BSC ekosistemindəki müxtəlif DApp-ları izləmək üçün başqa yaxşı mənbə https://mathdapp.store/ saytıdır. Bu saytda sol menyudan Binance Smart Chain seçərək etibarlı BSC DApp-larının siyahısına baxa bilərsiniz.

Binance Smart Chain-in orta qaz qiymətini necə öyrənə bilərəm?

Əvvəlcə kursoru [Resources] bölməsinin üzərinə gətirin, [Chart & Stats], sonra isə [Average Gas Price Chart] üzərinə klikləyin.

İstifadəçilərin BSC tranzaksiyaları üçün ödədiyi qaz haqqının hesablanmasında istifadə olunan orta qaz haqqı qrafiki qarşınıza çıxacaq.

Daha əvvəl qeyd etdiyimiz kimi, BSC-nin qaz haqları olduqca aşağıdır. BSC-də 1 gwei 10⁻⁹, yəni 0.000000001 BNB-dir. Təxminən 6.5 gwei orta qaz haqqı ilə 10 BNB göndərmək on sentdən ucuz başa gəlir. Hətta bu məbləğin on, lap yüz qatını göndərsəniz belə, maksimum 20 sent ödəyəcəksiniz.

Tranzaksiya tarixçəsinə baxanda bəzi insanların normadan yüksək haqlar ödədiyini görürük. Bu, çox güman, istifadəçilərin Ethereum-dan və ya digər blokçeynlərdən qalma köhnə vərdişləri ilə bağlıdır. Əslində buna ehtiyac yoxdur. Binance Smart Chain hələ şəbəkə sıxlığından çox uzaqdır. Deməli, şəbəkə şəraiti sabit qalarsa, sadə əməliyyat üçün 6.5 gwei kifayət etməlidir.

Binance Smart Chain-in unikal ünvan sayını necə tapa bilərəm?

Şəbəkənin təxminən nə qədər istifadəçisi olduğunu bilmək istəyirsinizsə, BscScan-ın unikal ünvan sayı əla metrikadır. Unikal ünvanların sayını [Resources] bölməsinin üzərinə gəlib [Chart & Stats], sonra [Unique Addresses Chart] üzərinə klikləməklə öyrənə bilərsiniz.

Bəs blokçeyndə 100 unikal ünvanın olması blokçeynin 100 istifadəçisi var deməkdirmi? Əsla! Hər kəs birdən çox ünvan yarada bilər. Yaratsalar belə, kriptoqrafiyanın nemətləri sayəsində yeni ünvan qıtlığı hələ uzun müddət yaşamayacağıq. Digər tərəfdən, həmin ünvanların eyni şəxsə aid olub-olmadığını müəyyənləşdirmək çox çətin olacaq.

Beləliklə bilirik ki, hər kəs birdən çox ünvan yarada bilər və bu metrika istifadəçi sayını əslində şişirdə bilər. Bununla belə, unikal ünvanların sayı şəbəkənin böyüməsi barədə bizə təxmini təsəvvür verə bilər.

Binance Smart Chain-in günlük tranzaksiya həcmini necə tapa bilərəm?

Bu qrafik verilmiş gündə Binance Smart Chain üzərindəki tranzaksiyaların ümumi sayını göstərir. Bu qrafikə də [Charts & Stats] bölməsindən daxil olmaq mümkündür.

Bəzi ağıllı müqavilələr digərlərindən daha çox əməliyyat tələb etsə də, bu qrafik şəbəkə aktivliyi və sıxlığı barədə ümumi fikir verə bilər. Tranzaksiyaların sayı həm də sağlam, böyüyən şəbəkənin yaxşı əlamətidir və bu məlumat BNB investorları üçün faydalı ola bilər.

Əsas BEP-20 tokenləri hansılardır?

Token Tracker səhifəsi əsas BEP-20 tokenlərini bazar dəyərinə və ya günlük ticarət həcminə görə izləməyə imkan verir. Bu, BSC blokçeynində hansı tokenlərin ən yüksək məcmu dəyərə və əməliyyat həcminə malik olduğu barədə təsəvvür yaradacaq.

Burada diqqət edilməli məqam token məlumatlarıdır. Token/müqavilə sahibləri token haqqında sizə daha çox məlumat vermək üçün BSC-də token məlumatlarını yeniləyə bilərlər. BscScan komandası token müqaviləsinin ünvanını təsdiqləməyibsə, həmin ünvan etibarsız ola bilər.

Bu səhifədə çoxlu "wrapped" (bükülmüş) token görəcəksiniz. Binance-Peg ChainLink (LINK) sadəcə bir nümunədir. Bu token BSC-də BEP-20 tokeni kimi bükülmüş ERC-20 LINK-dir. Bəs bükmək (wrapping) nə deməkdir? Başqa blokçeyndəki koinin və ya tokenin tokenləşdirilmiş versiyasını yaratmağa bükmə deyilir.

Bükmə, BSC-yə aid olmayan koinlərin və tokenlərin Binance DeFi ekosistemində istifadəsinə imkan verir. Məsələn, LINK-iniz varsa və onlarla BSC-də farming etmək istəyirsinizsə, bükmə texnologiyası sayəsində bunu asanlıqla edə bilərsiniz.

Token bükmə ilə maraqlanırsınızsa, Binance Bridge layihəsinə nəzər sala bilərsiniz. Amma unutmayın: koini bükmək kifayət qədər asan olsa da, buna heç də həmişə ehtiyacınız olmaya bilər. Artıq bükülmüş tokenləri bükmə prosesi ilə məşğul olmadan alıb-sata bilərsiniz.