Tranzaksiya haqqının tutulma səbəbləri
Tranzaksiya haqları yarandığı gündən bəri əksər blokçeyn sistemlərinin ayrılmaz hissəsi olub. Yəqin ki, siz də kripto göndərərkən, depozit qoyarkən və ya çıxararkən haqq ödəmisiniz.
Kriptovalyutaların böyük əksəriyyətinin tranzaksiya haqqı tutmasının iki mühüm səbəbi var. Birincisi, tranzaksiya haqları şəbəkədəki spamın həcmini azaldır və genişmiqyaslı spam hücumlarını həm bahalı, həm də çətin edir. İkincisi, bu haqlar tranzaksiyaların yoxlanılmasına və təsdiqlənməsinə kömək edən istifadəçilər üçün stimuldur. Tranzaksiya haqlarını şəbəkəyə göstərdiyiniz köməyin mükafatı kimi düşünə bilərsiniz.
Əksər blokçeynlərdə tranzaksiya haqları kifayət qədər aşağıdır, lakin şəbəkənin yüklənməsindən asılı olaraq çox yüksək haqq ödəməli ola bilərsiniz. İstifadəçi kimi ödəməyə hazır olduğunuz məbləğ tranzaksiyanızın növbəti bloka daxil edilmə prioritetini müəyyən edir. Nə qədər çox ödəsəniz, təsdiq prosesi bir o qədər sürətli olur.
Blokçeyn tranzaksiya haqları
Dünyanın ilk blokçeyn şəbəkəsi olan Bitcoin bu gün bir çox kriptovalyutanın tranzaksiya haqları üçün əsas götürdüyü standartı müəyyən etdi. Satoshi Nakamoto anladı ki, tranzaksiya haqları şəbəkəni kütləvi spam hücumlarından qoruyacaq və düzgün davranışı təşviq edəcək.
Bitcoin maynerləri tranzaksiyaları təsdiqləyərək yeni blok yaratma prosesinin bir hissəsi kimi tranzaksiya haqlarını alırlar. Təsdiqlənməmiş əməliyyatları saxlayan hovuz yaddaş hovuzu (mempool) adlanır. Təbii ki, maynerlər öz BTC-lərini başqa bitcoin pulqabına göndərərkən daha yüksək haqq ödəməyə razı olan istifadəçilərin tranzaksiyalarına üstünlük verirlər.
Buna görə də şəbəkəni yavaşlatmaq istəyən bədniyyətli şəxslər hər tranzaksiya üçün haqq ödəmək məcburiyyətindədirlər. Əgər haqqı çox aşağı təyin etsələr, maynerlər çox güman ki, bu tranzaksiyaları nəzərə almayacaq. Yox, əgər haqları münasib səviyyədə saxlasalar, bu dəfə də xərc çox yüksək olacaq. Beləliklə, tranzaksiya haqları sadə, lakin təsirli bir spam filtri rolunu oynayır.
