Dünyada oyun sənayesinin inkişafı və blokçeyn texnologiyasının geniş yayılması ilə oyun tərtibatçıları da blokçeynə inteqrasiya olunmağa başladı. Blokçeyn infrastrukturundan istifadə etməklə istifadəçilərə daha zəngin oyun təcrübəsi vermək və eyni zamanda blokçeyn texnologiyalarının imkanlarından faydalanmaq hədəflənir. Bu yazıda blokçeyn əsaslı oyun (blokçeyn oyunu) nədir sualının cavabını tapa bilərsiniz.
Blokçeyn Əsaslı Oyun Nədir?
Blokçeyn əsaslı oyunlarda istifadəçilərin oyun daxilində yaratdığı və qazandığı aktivlər blokçeyndə saxlanılır. Beləliklə, oyunçular qazandıqları aktivlərə həqiqətən sahib olurlar. Blokçeyndəki bloklar dəyişdirilə bilmədiyi üçün oyunçuların məlumatlarının silinməsi kimi bir məsələ ortaya çıxmır. İstifadəçilər aktivlərini blokçeyn əsaslı oyunlar arasında daşıya da bilirlər. Blokçeyn oyunçular arasındakı aktiv transferlərini asanlaşdırır və qazanılan dəyərləri bloklarda qeyd edir. Əməliyyatlar blokçeyn üzərində yoxlana bildiyi üçün blokçeyn əsaslı oyunlarda hiylə ehtimalı aşağıdır. Eyni zamanda bu oyunlarda tətbiq olunan P2E biznes modeli oyunçulara gəlir qazanmaq imkanı verir.
Blokçeyn Əsaslı Oyunlar Necə Ortaya Çıxdı?
İlk blokçeyn əsaslı oyunlar Bitcoin blokçeyni üzərində quruldu. Zamanla sürəti, xərci və ağıllı müqavilə xüsusiyyəti sayəsində Ethereum blokçeyninin istifadəsi daha geniş yayıldı. Blokçeyn əsaslı oyunlar blokçeyn infrastrukturundan istifadə edərək istifadəçilərin oyun təcrübəsini zənginləşdirmək və oyunçular üçün gəlir modeli yaratmaq məqsədilə meydana gəldi. Bununla da istifadəçilərin oyunda keçirdiyi vaxtın artırılması hədəflənir. Yaşanan inkişaflarla birlikdə video oyunlar blokçeyn texnologiyasına inteqrasiya olundu və kriptovalyutaların maliyyə gücündən istifadə etməyə başladı.
Blokçeyn Əsaslı Oyun Layihələri
The Sandbox (SAND)
The Sandbox blokçeyn əsaslı virtual dünya oyun platformasıdır. Metaverse adlanan, virtual reallıq dəstəkli oyun dünyasında oyunçulara virtual həyat təcrübəsi qurmaq, oyundaxili məhsullar istehsal etmək və bu məhsullardan gəlir əldə etmək imkanı təqdim edir.
Enjin (ENJ)
Enjin blokçeyni oyun sənayesinə gətirən populyar layihələrdən biridir. Enjin şəbəkəsi blokçeyn əsaslı oyun məhsullarından ibarət, bir-biri ilə əlaqəli bir ekosistemdir. Enjin istifadəçilərə vebsaytlar, oyundaxili əşyalar və bu əşyaların alqı-satqısını edə biləcəkləri virtual mağazalar təklif edən sosial oyun platformasıdır. Proqram tərtibatçıları Enjin platforması vasitəsilə oyunlar üçün hazırladıqları məhsulları Ethereum blokçeynində rəqəmsallaşdıra bilirlər. Platformanın ERC20 əsaslı rəqəmsal aktivi Enjin Coin (ENJ) ilə platformada istehsal olunan rəqəmsal əşyaların ticarəti aparılır.
Axie Infinity (AXS)
Blokçeynin oyun sənayesində istifadə olunduğu layihələrdən biri olan Axie Infinity blokçeyn əsaslı döyüş oyunudur. Oyunçular Pokemonabənzər rəqəmsal canlıları (Axie-ləri) sahiblənərək onları böyüdə, alıb-sata və rəqibləri ilə döyüşdürə bilirlər. Axie Infinity Ethereum blokçeynindən istifadə edən blokçeyn əsaslı oyundur. Platformanın əsas rəqəmsal aktivi olan AXS Ethereum blokçeyni üzərində qurulmuş ERC20 ağıllı müqaviləsidir. Oyunun əsas daşlarından biri olan Axie-lər isə blokçeyn əsaslı oyunlar və NFT-lər üçün üstünlük verilən ERC721 ağıllı müqaviləsi ilə yaradılıb.
