Sadə dillə desək, qaydaları əvvəlcədən müəyyən edilmiş, iki tərəfin bu qaydalar çərçivəsində razılaşdığı şərtlər yerinə yetirilən kimi heç bir vasitəçiyə ehtiyac olmadan öz-özünə baş verən əməliyyatlara “ağıllı müqavilə”, yəni smart kontrakt deyilir. Onun öz əməliyyat məntiqi var: “Əgər bu olarsa – o baş verəcək”. Beləliklə, üçüncü tərəfə ehtiyac qalmır. Proses işləyir və müqavilə etimad üzərində bağlanır. Bu etimad zəmini tərəflər üçün böyük əhəmiyyət daşıyır, çünki hər ikisi tamamilə bərabər şərtlərdədir və tərəflərdən birinin digərinə üstün gəlməsi mümkün deyil. Məhz buna görə də bu, etimada söykənən bir müqavilədir.
Ortaya çıxma tarixi
Ağıllı müqavilə ideyasını ilk dəfə 1993-cü ildə Nick Szabo irəli sürüb. Həm bu ideyaya, həm də Bit Gold fikrinə görə bəziləri Szabo-nun Satoshi Nakamoto olduğunu düşünür.
Ağıllı müqavilələr və onların tətbiq sahələri barədə daha ətraflı danışsaq, Ethereum platformasının qurucusu Vitalik Buterin-in adını çəkmək lazımdır. Buterin blokçeynin yalnız kriptovalyuta üçün deyil, ən müxtəlif işlər üçün istifadə olunmasının tərəfdarıdır. Sistemdəki proqramçılar dünyanın istənilən yerində işləyə bilən müqavilə yazdıqda “ether” adlanan kriptovalyuta ilə mükafatlandırılırlar. Ağıllı müqavilələrdən istifadə etmək üçün isə istifadəçilər ether ödəyirlər. Tərtibatçılar müqaviləni nə qədər səmərəli yazsalar, sistemə ödənilən ether də bir o qədər az olur.
Ağıllı müqavilələr necə işləyir
Əvvəlcə əmtəə, yəni müqavilə icra olunduqda dəyərli sayılan məhsul və ya məhsullar müəyyən edilir.
Müqavilənin şərtləri qarşılıqlı razılıqla müəyyənləşdirilir və koda çevrilir.
Əmtəə və şərtlər dəyişdirilməsi mümkün olmayan daimi blokçeynə yeni blok kimi yazılır.
Müqavilənin şərtləri hər iki tərəfdən yerinə yetirilərsə, əməliyyat icra olunur.
Əvvəldə müəyyən edilmiş əmtəənin ötürülməsi ağıllı müqavilədəki şərtlərə uyğun həyata keçirilir.
