Son vaxtlar iqtisadi böhrandan çıxış reseptlərində kriptovalyutaları tez-tez görürük. Rəqəmsal valyutaların bazarlara töhfəsini və fiat valyutalar qarşısındakı üstünlüklərini müzakirə edirik. Bəs bazarların kabusu olan inflyasiya ilə Bitcoin necə mübarizə aparır? Yeni ilin ilk həftəsonu oxusunda sizə Bitcoin ilə inflyasiya arasındakı əlaqədən danışmaq istədik.
Bitcoin ilə inflyasiya arasındakı əlaqəni daha yaxşı anlamaq üçün əvvəlcə inflyasiyanın tam olaraq nə olduğunu bilməliyik. İnflyasiya ümumi qiymət səviyyəsini, yəni bazarda fiat pul qarşılığında satılan mal və xidmətlərin qiymətini yüksəldir. Bunun səbəbi nominal valyutanın dəyər itirməsi və pulun alıcılıq qabiliyyətinin azalmasıdır.
Fiat valyutaların dəyər itirməsinin bir çox səbəbi olsa da, əsas səbəblərdən biri təklif artıqlığıdır. Fiat valyutalar mərkəzi banka bağlıdır və pul siyasətləri ilə idarə olunur. Texniki baxımdan mərkəzi bankların istədikləri qədər pul çap etməsinin qarşısında heç bir maneə yoxdur. Lakin fiat pulların limitsiz təklifi özü ilə inflyasiya gətirir. Pulun dəyəri və alıcılıq qabiliyyəti azalır.
Rəqəmsal valyuta olmasına və istifadə sahəsinin hələ çox məhdud olmasına baxmayaraq, Bitcoin hər cəhətdən fiat valyutalarla müqayisə olunur. Tanınırlığın və istifadə sahələrinin artması da Bitcoin-in dəyər qazanmasına töhfə verir. Rəqəmsal pul kimi tanımladığımız Bitcoin-in hüquqi tərifi hələ verilməyib. Bitcoin-i əmtəə, valyuta və ya qiymətli kağız kimi tanımlayan çox adam var.
Bitcoin mərkəzləşdirilməmiş və alqoritm tərəfindən idarə olunan elektron valyutadır. Bitcoin-in bağlı olduğu alqoritmə kənardan müdaxilə etmək mümkün deyil. Bu o deməkdir ki, Bitcoin dizayn edilərkən müəyyənləşdirilən pul siyasətləri dəyişdirilə bilməz. Bitcoin istehsalı tələbə görə hər il artmır, əksinə, istehsalı getdikcə çətinləşir. Buna görə də Bitcoin inflyasiyaya meyilli valyuta deyil.
Bitcoin istehsalı müəyyən qaydalara tabedir və ümumilikdə 21 milyon Bitcoin istehsal olunacaq şəkildə dizayn edilib. Mayninqlə istehsal olunan valyutalarda maynerlər həll edilmiş bloklardan çıxan blok mükafatını alırlar. Hər 210.000 blokdan bir (bu, təxminən 4 ilə bərabərdir) mayninq mükafatı yarıya enir. Başqa sözlə, hər 4 ildən bir dövriyyəyə buraxılan Bitcoin miqdarı azalır. Beləliklə, təklif azaldıqca pulun daxili dəyəri artır. Bu sistem sayəsində hər 4 ildən bir baş verən mükafat yarılanmasından sonra Bitcoin-in daxili dəyəri inflyasiya təsirlərindən qorunur.
