Yaxşı avadanlıq, proqram təminatı və kriptovalyuta pulqabı ilə başlayan kriptovalyuta madənçiliyinin məqsədi müxtəlif çətinlik səviyyələrinə malik riyazi məsələləri həll edərək kriptovalyuta istehsal etməkdir. Bu, blokçeyndə qeydə alınan və hamının görə biləcəyi əməliyyatların əlavə edilməsi və silinməsi prosesidir. Madənçilər əməliyyatların doğruluğunu sübut edir və onları təsdiq prosesindən keçirirlər. Beləliklə, zəncirə yeni bloklar əlavə olunur və sistemin fasiləsiz işləməsi təmin edilir. SHA256 alqoritmi* vasitəsilə həyata keçirilən əməliyyatların ən vacib mərhələsi məhz təsdiq mexanizmidir. Tez-tez rast gəlinən hal olmasa da, madənçilərin yarıdan çoxu təsdiq verməzsə, əməliyyat ləğv oluna və təsdiq nəticəsi mənfi ola bilər. Şəbəkənin mərkəzi bir qurum tərəfindən idarə olunmaması və təbiəti etibarilə çoxluğun rəyinə əsaslanması səbəbindən hər madənçinin bir səsi var və blokun madənçiliyindən əldə edilən mükafatın etibarlılığı təsdiqlənməlidir.
Madənçilik təsdiqi iki üsulla aparıla bilər: Proof of Work (PoW) və Proof of Stake (PoS). Proof of Work vasitəsilə təsdiq prosesinə qoşulan madənçi həm əməliyyatlarını, həm də bu əməliyyatları hansı üsulla apardığını sübut edir. Bu yolla o, istifadə etdiyi metodları və addımları göstərmiş olur. Proof of Work həm madənçiləri, həm də onların əməliyyatlarını əhatə edir; üstəlik madənçi ona məxsus olmayan kriptovalyutaları da emal edir. Əməliyyatın həqiqətən icra olunduğunu və düzgün olduğunu Proof of Work ilə sübut etməklə, zəncirin bütövlükdə doğruluğu da sübuta yetirilir. PoW metodunun üstünlükləri ilə yanaşı çatışmazlıqları da var: avadanlığa çəkilən baha xərclər, sübut prosesində istifadə olunan elektrik enerjisi, artan çətinlik və azalan mükafat bu metodun mənfi tərəfləri sayıla bilər.
Digər təsdiq üsulu isə Proof of Stake-dir (PoS). Proof of Work-dən fərqli olaraq, burada əsas aktor kriptovalyutanın sahibidir. Yəni validator elə kriptovalyutanın özünü saxlayan şəxsdir. PoS madənçilikdən fərqli işləyir və miqdar çoxluğuna əsaslanır. İnsanın pulqabında nə qədər çox kriptovalyuta varsa, onu saxladığı müddət ərzində bir o qədər çox mükafat qazanır. Saxlama müddəti eyni zamanda blokun təsdiq müddəti deməkdir. Burada diqqət edilməli məqam odur ki, şəxs pulqabından köçürmə etdikdə vəsaitin "yaşı" (pulqabında qalma müddəti) sıfırlanır. Mükafatın məbləği pulqabında qalma müddətinə əsasən müəyyən edilir. Buna həm də pul çap etmək deyilir və bir çox üstünlüyü var. Proof of Work-də olduğu kimi avadanlıq xərcinə ehtiyac yoxdur; adi bir noutbuk əməliyyatı yerinə yetirmək üçün kifayətdir. Bundan başqa, elektrik enerjisi sərfiyyatı mümkün qədər aşağıdır və təsdiq edənlər şəbəkəyə daha sadiqdir. Mübahisəli məsələ isə odur ki, adətən məhdud sayda buraxılan kriptovalyutalar müəyyən bir kütlənin əlində cəmlənir və az sayda insan validator statusuna sahib olur.
*SHA, yəni Secure Hash Algorithm, keçmiş məlumatları əhatə edən unikal kriptoqrafik heş prosesidir.
