Blokçeyndə Layer həlləri nədir?

· 2 min read

Blokçeyndə miqyaslanma problemi dedikdə şəbəkəyə qoşulan istifadəçilərin sayı artdıqca blokçeynin əməliyyat tutumunun azalması nəzərdə tutulur. Tutumun azalması isə şəbəkədə əməliyyatların yavaşlamasına və komissiyaların bahalaşmasına gətirib çıxarır. Layer həlləri məhz bu problemi aradan qaldırmaq və blokçeynin əməliyyat tutumunu artırmaq üçün tətbiq edilən şəbəkə təkmilləşdirmələridir.

Layer 1 və Layer 2 nədir?

Layer 1 blokçeynin özünü, yəni əsas şəbəkəni ifadə edir. Layer 1 kriptovalyutası da həmin blokçeynin ana kriptovalyutasıdır — bilavasitə o şəbəkədə istifadə üçün yaradılıb. İlk yaradılan və bu gün ən populyar Layer 1 kriptovalyutası Bitcoin-dir.

Layer 2 isə başqa blokçeynlərin üzərində işləyən protokol və şəbəkələri bildirir. Layer 2 kriptovalyutası artıq mövcud olan bir blokçeyn üzərində işləyir.

Layer 1 həlləri nədir?

Layer 1 həlləri blokçeyndəki miqyaslanma problemlərini həll etməyə və sistemi daha miqyaslana bilən hala gətirməyə yönəlik işlərdir. Layer 1 həlləri ilə əməliyyatların blokçeyndə daha sürətli və daha ucuz aparılması hədəflənir.

Blokçeyni Layer 1 həlləri ilə təkmilləşdirməyin ən yayğın iki yolu konsensus protokolunun dəyişdirilməsi və parçalanmadır.

Konsensus protokolunun dəyişdirilməsi:

Konsensus protokolları blokçeyndə blokların təsdiqlənməsi üçün istifadə olunan alqoritmlər toplusudur. Bir blokçeynin konsensus protokolunun dəyişdirilməsi şəbəkədəki miqyaslanma probleminin həlli üçün istifadə olunan Layer 1 həllidir. Ethereum 2.0 yeniləməsi ilə Ethereum blokçeynindəki konsensus protokolunun dəyişdirilməsi hədəflənir.

Sharding (parçalanma):

Sharding blokçeyndəki miqyaslanma problemini həll etmək üçün istifadə olunan verilənlər bazasının bölünməsi əməliyyatıdır. Sharding zamanı verilənlər bazasındakı bloklar əməliyyat dəstlərinə bölünür. Bölünmüş əməliyyat dəstləri paralel ardıcıllığa çevrilir. Beləliklə, əməliyyat dəstindəki birdən çox hissə eyni anda emal oluna bilir. Bu yolla əməliyyatlar ardıcıl emala nisbətən daha sürətlə aparılır və şəbəkənin məhsuldarlığı artır.

Layer 2 həlləri nədir?

Layer 2 həlləri başqa blokçeynlər üzərində işləyən şəbəkələrdəki miqyaslanma problemini blokçeynin əsas strukturuna heç bir dəyişiklik etmədən həll etmək üçün görülən işlərdir.

Layer 2 həlləri blokçeynin strukturuna birbaşa təsir göstərmir. Blokçeynin ana şəbəkəsində tətbiq olunmadıqları üçün Layer 2 həllərinə zəncirdən kənar (off-chain) həllər də deyilir.

Blokçeyn Layer həlləri Layer 1 Layer 2