Rəqəmsal qızıl kimi də tanınan Bitcoin və kriptovalyutaların elektrik istehlakı son vaxtlar ən çox maraq doğuran mövzulardan birinə çevrilib. Bu mövzuda xeyli məlumat kirliliyi olduğu üçün məsələni qısaca nəzərdən keçirdik.
Bitcoin və kriptovalyutalar son illərdə, sözsüz ki, ən populyar iqtisadi dəyərlərdən birinə çevrilib. Mərkəzi orqandan və ənənəvi maliyyə sistemindən asılı olmayan kriptovalyutalar sürəti, istifadə rahatlığı və aşağı xərcləri ilə çox sayda insanı özünə cəlb edir. Bitcoin və bir çox kriptovalyuta mərkəzi bank tərəfindən deyil, maynerlər tərəfindən istehsal olunur. Mayninq mürəkkəb riyazi məsələləri həll edərək yeni kriptovalyutalar yaratmaq, blokları təsdiqləmək və onları blokçeynə əlavə etmək işidir. Nəzəri olaraq hər kəs şəxsi kompüteri ilə bu şəbəkəyə qoşulub mayninq yarışında öz yerini tuta bilər. Lakin bu gün yarışdakı rəqiblərimiz minlərlə çox güclü kompüterdən və xüsusi mayninq qurğularından ibarət böyük şirkətlər olduğu üçün real rəqabətdən danışmaq mümkün deyil.
Bu rəqabətin ən mühüm nəticələrindən biri enerji istehlakıdır. Dünya üzrə milyonlarla qurğu Bitcoin istehsalında önə keçmək üçün dayanmadan işləyir. Bu qurğuların istehlak etdiyi elektrik enerjisi ilə yanaşı, onların soyudulması üçün də əlavə enerji sərf olunur.
Əslində mayninqi bu qədər çətinləşdirən səbəblərdən biri də yüksək enerji tələbatıdır. İstifadə olunan elektrik enerjisinin böyük hissəsi soyutma sistemlərinə gedir. Buna görə də dünyanın aparıcı mayninq şirkətləri fermalarını adətən soyuq iqlimlərdə qurmağa üstünlük verir. Məsələn: Rusiya, Çin, Gürcüstan, ABŞ, Kanada, İsveç və hətta qütblər!
İngiltərədəki Kembric Universiteti 2019-cu ildə Bitcoin Elektrik İstehlakı İndeksini dərc etdi. Bu məlumatlara görə, Bitcoin-in elektrik istehlakı illər ərzində eksponensial şəkildə artaraq az qala kiçik bir ölkənin elektrik istehlakı qədər olub.
İstehlak edilən enerji və bunun nəticəsində yaranan karbon emissiyaları səbəbindən Bitcoin-i ekoloji cəhətdən təmiz adlandırmaq çox çətindir.
Kembric Universitetinin Judge Business School tərəfindən dərc edilən Bitcoin elektrik istehlakı məlumatlarına onlayn şəkildə baxa bilərsiniz.
Bitcoin istehsalında tələb olunan yüksək enerji üçün bəzi şirkətlər qalıq yanacaqlara üz tutub, digərləri isə karbon izini minimuma endirməyə çalışır və maarifləndirmə apararaq yol göstərir.
Kembric Universiteti öz saytında Bitcoin üçün istehlak edilən elektrik enerjisini dünyadakı elektrik istehlakı ilə müqayisə edən məlumatlara da yer verir. Məsələn, ABŞ-da ehtiyac olmadığı halda daim açıq qalan elektrik cihazlarının istehlakı ilə Bitcoin müqayisəsi, yaxud Böyük Britaniya və Avropada çay üçün istifadə olunan çaydanların sərf etdiyi elektrik enerjisi ilə Bitcoin-in istehlakı.
Bitcoin-in elektrik istehlakı ilə bağlı çoxlu müzakirələr gedir. Digər tərəfdən, aparılan araşdırmaları və görülən tədbirləri nəzərə alsaq, bərpa olunan enerjidən istifadə edərək daha yaşıl alternativlərə üz tutmaq bizim də təbiətin məhdud resurslarının qorunmasına töhfə verə biləcəyimizi sübut edir.
