İstiqamətli asiklik qraf, yəni DAG (directed acyclic graph), kriptovalyutalarda geniş istifadə olunan məlumat modelləşdirmə və təşkiletmə vasitəsidir.
Bloklardan ibarət olan blokçeyndən fərqli olaraq, istiqamətli asiklik qraflar təpə nöqtələrindən (vertex) və kənarlardan (edge) ibarətdir. Beləliklə, kripto əməliyyatları təpə nöqtəsi kimi qeyd olunur və bir-birinin üzərinə yığılır. Bununla belə, blokçeyndə olduğu kimi, əməliyyatlar DAG-a yenə də node-lar vasitəsilə göndərilir. Node-un əməliyyat göndərə bilməsi üçün proof-of-work (PoW) tapşırıqlarını yerinə yetirməsi tələb olunur.
Sadə dillə desək, blokçeyn sistemi zəncirə bənzəyirsə, DAG sistemi daha çox qrafa bənzəyir. DAG modeli məlumatların saxlanması və onlayn əməliyyatların emalı sahəsindəki səmərəliliyinə görə hazırda sektorda blokçeynin gələcək alternativi kimi görülür.
DAG modeli həm də kriptodakı mövcud desentralizasiya probleminin mümkün həlli sayılır. Bu modeldə mayner-lərin zəncirə əlavə olunacaq yeni bloklar uğrunda yarışmasına ehtiyac qalmır.
Node-lar eyni vaxtda formalaşdığı üçün əməliyyatlar da daha sürətli emal oluna bilir. Tərtibatçılar DAG-a daha yaxşı və daha təhlükəsiz həll kimi baxırlar: miqyaslana bildikcə şəbəkənin istifadə rahatlığını artıra biləcək bir həll kimi.
DAG necə işləyir?
Qeyd etdiyimiz kimi, istiqamətli asiklik qraf məlumat saxlanmasında daha səmərəlidir. Onun quruluşu ağaca bənzəyir və 'budaqları' bir-birinə bağlı node-lardır.
Hər təpə nöqtəsinin birdən çox ana kökü ola bildiyi üçün model daha çox əməliyyatın eyni anda təsdiqlənməsinə imkan verir. Çünki istifadəçilər yeni əməliyyat emal etmək üçün əvvəlkinin bitməsini gözləməli olmurlar.
Deməli, istiqamətli asiklik qrafda hər yeni əməliyyat şəbəkə tərəfindən qəbul olunmazdan əvvəl keçmiş əməliyyatlara istinad etməlidir. Bu, blokçeyndə blokların əvvəlki bloklara istinad etməsi ilə eynidir. Buradakı məntiq belədir: əməliyyat yalnız başqa bir əməliyyat ona istinad etdikdə həqiqətən təsdiqlənmiş sayılır və bu zəncirvari şəkildə davam edir.
DAG-da hər təpə nöqtəsi bir əməliyyatı ifadə edir. Blok olmadığı üçün maynerliyə də ehtiyac yoxdur. Əməliyyatlar bloklarda toplanmaq əvəzinə bir-birinin üzərində qurulur. Sonra, indicə qeyd etdiyimiz kimi, node əməliyyat göndərdiyi hər dəfə əvvəlki əməliyyatları təsdiqləmək və spam-ın qarşısını almaq üçün proof-of-work tapşırıqları yerinə yetirilir.
DAG əsaslı kriptovalyutada yeni əməliyyatlar standart olaraq daha köhnələrin üzərində qurulur. Blokçeyndən əsas fərq odur ki, DAG-da bir dəfəyə yalnız bir əməliyyata deyil, bir neçə əməliyyata istinad etmək mümkündür.
Bəzi sistemlərdə toplanmış çəkiyə (yəni müəyyən uca aparan təsdiqlərin sayına) əsaslanaraq üzərində qurulacaq 'ucları' (tip) və ya əməliyyatları seçən alqoritm var.
DAG-larda ikiqat xərcləmədən qorunma node-ların DAG-ın ilk əməliyyatına qədər gedən yolu yoxlayaraq daha köhnə əməliyyatları təsdiqləməsi ilə təmin olunur. Bununla göndərənin balansının kifayət edib-etmədiyi yoxlanılır. İstifadəçi yararsız bir yolun üzərində qurarsa, həmin əməliyyatın nəzərə alınmaması riski yaranır.
Fərqli yollardan yaranan ziddiyyətlər isə daha ağır toplanmış çəkiyə malik ucları üstün tutan seçim alqoritmi ilə həll olunur.
DAG nə üçün istifadə olunur?
DAG modeli blokçeyn texnologiyasının zəif sayılan iki cəhətini, yəni desentralizasiya və miqyaslanma məsələsini həll etməyə çalışır. Eyni zamanda təhlükəsizliyi və istifadə rahatlığını da yaxşılaşdırmağı hədəfləyir.
Bəs necə?
- Bitcoin blokçeynində və ya Ethereum platformasında mayner-lər bir dəfəyə yalnız bir blok yarada bilirlər. Buna görə də yeni əməliyyatlar ancaq əvvəlki blok tamamlandıqda təsdiqlənə bilir. DAG modeli bu blokları aradan qaldırır və əməliyyatları birbaşa reyestrə əlavə edir.
Bloklar aradan qalxdığı üçün DAG modelində maynerliyə ehtiyac qalmır. Bu isə şəbəkəni saxlamaq üçün daha az elektrik enerjisi deməkdir. DAG-ların bundan başqa da bir sıra üstünlükləri var:
- Blok yaradılması ilə məhdudlaşmayan yüksək əməliyyat sürəti
- Mayner olmadığı üçün əməliyyat haqlarının da olmaması
- Maynerliklə müqayisədə daha az enerji sərfi və ekoloji faydalar
Bununla belə, hazırda DAG-ların kriptoda istifadəsi hələ ilkin mərhələdədir. Blokçeynlərdən fərqli olaraq, onlar hələ tam desentralizasiya olunmayıb. Bu səbəbdən əsasən şəbəkələri işə salmaq üçün istifadə olunurlar, hələ ki sabit şəbəkə qurmağa imkan verən sistem kimi deyil.
Hansı kriptovalyutalar DAG istifadə edir?
Vaxtilə kriptovalyutaları blokçeyndən ayrı təsəvvür etmək mümkün deyildi. Lakin DAG modeli ilə bir sıra kriptovalyutalar artıq bu texnologiya üzərində uğurla qurulub.
Nümunə olaraq Obyte, IOTA və Nano-nu göstərmək olar. Hələ nisbətən yeni olsa da, DAG quruluşu böyük potensial nümayiş etdirir. Qeyd etdiyimiz kimi, bir neçə layihə onu artıq uğurla tətbiq edib. Ən tanınmışları bunlardır:
Obyte
Obyte, əvvəlki adı ilə ByteBall, DAG quruluşunu tətbiq edərək blokçeyndən tamamilə asılı olmayan kriptovalyutadır. Buna baxmayaraq, Obyte əməliyyatları hələ də ödənişlidir.
Bunun səbəbi Obyte şəbəkəsinin əməliyyatların ikiqat yoxlanmasına imkan verən validator sistemindən istifadə etməsidir. Şəbəkə şahidlərə (witness) əsaslanan konsensus alqoritmi tətbiq edir. Bu şahidlər validator qismində çıxış edən etibarlı və nüfuzlu istifadəçilərdir.
Obyte həmçinin izlənilməyən əməliyyatları və smart kontraktları dəstəkləyir.
IOTA
Əşyaların İnterneti tətbiqləri üçün nəzərdə tutulan IOTA 'bloksuz blokçeyn' şəbəkəsini 2016-cı ildə istifadəyə verdi. IOTA-nın arxasındakı ideya budur ki, bütün istifadəçilər faktiki olaraq mayner-ə çevrilir. Məsələn, bir əməliyyatı təsdiqlətmək üçün istifadəçi iki əməliyyatı yoxlamalıdır.
IOTA node-lardan və tangle-lardan (node qruplarından) ibarət şəbəkədən istifadə edir; bu da təsdiq prosesini daha sürətli və səmərəli edir.
Bütün istifadəçilər şəbəkənin işləməsi üçün az miqdarda güc ayırır və hamı konsensusda iştirak edir. Bu, şəbəkənin eyni anda həm çox desentralizasiya olunmasına, həm də miqyaslanmasına imkan verir.
Əməliyyatların haqqı demək olar ki, sıfırdır; buna görə də IOTA mikroödənişlər üçün sərfəli alternativ kriptovalyuta sayılır.
Nano
Nano da DAG sistemi üzərində işləyən kriptovalyutadır. Nano-da node-larla bir-birinə bağlanan müstəqil blokçeynlər var və buna block-lattice (blok qəfəsi) texnologiyası deyilir. Əslində bu, DAG ilə blokçeynin qarışığıdır.
Hər istifadəçinin öz pul kisəsi və öz blokçeyni var. Yalnız istifadəçinin özü öz pul kisəsində və blokçeynində dəyişiklik edə bilər. Əməliyyat göndərən və alan öz blokçeynlərində müvafiq əməliyyatı yerinə yetirdikdə tamamlanır.
Nano istifadəçilərinə sıfır əməliyyat haqqı ilə yanaşı, yüksək əməliyyat sürəti təklif edir.
DAG-ın blokçeyndəki rolu nədir?
DAG hələ də təkmilləşdirilməyə ehtiyac duysa da, blokçeynə münasib alternativ kimi görülə bilər. DAG modeli blokçeyn texnologiyasının xərc, sürət və uyğunlaşma kimi tanış problemlərini həll etməyə çalışır.
Əslində hər iki texnologiya əməliyyatları rəqəmsal reyestrdə qeyd edir və eyni məqsədə xidmət edir. Onları fərqləndirən başlıca cəhət hər modelin məlumatı saxlamaq üçün istifadə etdiyi quruluşdur.
DAG-a qarşı blokçeyn
Həm blokçeynlər, həm də DAG-lar əməliyyatları paylanmış reyestrdə qeyd edir, lakin bunu fərqli yollarla edirlər.
Aşağıda hər ikisinin üstünlük və çatışmazlıqlarının qısa müqayisəsi verilib:
DAG-ın üstünlükləri
- Mikroəməliyyatlar və yüksək əməliyyat həcmləri üçün uyğundur
- Maynerlik avadanlığına ehtiyacı aradan qaldırır
- Haqlar əhəmiyyətli dərəcədə azala bilər
- Daha az enerji sərfi
DAG-ın çatışmazlıqları
- Aşağı əməliyyat həcminə görə hücumlara qarşı həssasdır
- Hələ ilk mərhələdədir; nəzərəçarpan desentralizasiya səviyyəsinə çatmayıb
Blokçeynin üstünlükləri
- Möhkəm oturuşmuş və Bitcoin, Ethereum kimi kriptovalyutalar tərəfindən geniş istifadə olunur
- Şəffaf və dəyişdirilə bilməzdir, çox təhlükəsizdir
- Yüksək dəyərli əməliyyatlar üçün sərfəlidir
Blokçeynin çatışmazlıqları
- Yüksək yaddaş və şəbəkə buraxma qabiliyyəti tələbləri
- Çox böyük enerji sərfi
- Yüksək əməliyyat haqları
Nəticə etibarilə, hansı modelin seçiləcəyi insanın biznes hədəflərindən asılıdır. Danışdığımız kimi, hər modelin güclü və zəif tərəfləri var və ehtiyaclarınızdan asılı olaraq biri digərindən daha uyğun ola bilər.
